Bələdçi · 7 dəqiqə
Şəkiyə hansı ayda gəlmək: dörd mövsümün dürüst müqayisəsi
Hər ayın öz problemi var. Qiymət təqvimimizdəki fərqin səbəbi də budur.
Qış: yanvar-fevral
Ən ucuz aylar. Şəhər boş olur, Xan Sarayında növbə yoxdur. Qar yağır və dağ yolları bəzən bağlanır — Kiş və yaylaq planlarını qışa qurmayın.
Evdə mərkəzi qızdırma var, amma köhnə binadır: pəncərələr qalın deyil. Çardaq otağı (Zeytun) qışda digərlərindən sərin olur.
Yaz: mart-may
Novruz beş gün şəhəri doldurur, qiymət ən yüksək həddə çıxır və otaqlar adətən fevralda bitir. Novruzdan sonra aprel-may ilin ən rahat aylarıdır: 15-22 dərəcə, bağlar çiçəkdə, turist axını orta.
Aprel yağışlıdır. Bir gün gəzinti planlaşdırırsınızsa iki gün ayırın.
Yay: iyun-avqust
Bakıdan sərinliyə qaçanların mövsümü. Şəkidə temperatur Bakıdan 6-8 dərəcə aşağı olur. Həyət axşamlar dolu olur, sakitlik axtaranlar üçün ideal deyil.
İyul-avqustda həftə sonları üçün ən azı üç həftə əvvəldən yer saxlamaq lazımdır.
Payız: sentyabr-noyabr
Bizim fikrimizcə ilin ən yaxşı vaxtı. Sentyabr hələ istidir, oktyabrda çinarlar saralır, turist sayı yayın yarısına düşür.
Noyabrın ortasından sonra hava dəyişkən olur və qiymət sakit mövsümə düşür.